- 155
Samsung-dan ilk üçə qatlanan telefon gəlir?
Samsung-un üçə qatlanan telefonu iyulda təqdim oluna bilər – böyük sürpriz yoldadır
Çindən yayılan yeni şayiəyə görə, Samsung öz ilk üçə qatlanan telefonunu artıq iyul ayında təqdim etməyi planlaşdırır. Bu cihazın 9 iyulda baş tutacaq Galaxy Unpacked tədbirində təqdim olunması ehtimal edilir.
Həmin tədbirdə Galaxy Z Fold 7, Galaxy Z Flip 7 və Galaxy Watch 8 modellərinin təqdim olunacağı gözlənilir. Ancaq Samsung bu dəfə Galaxy G Fold adlandırılması gözlənilən ilk üçə qatlanan telefon modeli ilə sürpriz etməyə hazırlaşır.
İddialara görə, Galaxy G Fold modelinin satışa çıxarılması oktyabr ayına planlaşdırılıb. Lakin bu məlumat hələ rəsmi təsdiqlənməyib və şirkət tərəfindən bu telefona dair çox az detal paylaşılıb. Bu səbəbdən də, telefonun tam təqdimatı iyul tədbirində baş tutmasa da, ilk vizual görüntüləri və prototipi nümayiş oluna bilər – bu, daha real ehtimaldır.
Qeyd edək ki, Samsung artıq ilin əvvəlində keçirilən Unpacked tədbirində S25 Edge modelinin prototipini göstərmişdi, bu səbəbdən üçə qatlanan telefon üçün də eyni addımı atması gözlənilə bilər.
İlk üçə qatlanan Samsung telefonu olan Galaxy G Fold-un rəsmi təqdimatının oktyabr ayında baş tutacağı daha yüksək ehtimal kimi görünür.