- 181
iOS 26.3 Beta 1 ilə Android cihazlara köçürmə və bildiriş ötürülməsi daha rahat oldu.
iOS 26.2 cəmi bir neçə gün əvvəl istifadəyə verilsə də, Apple artıq dəstəklənən cihazlar üçün iOS 26.3-ün ilk beta versiyasını yayımlamağa başlayıb. Bu buraxılış bir sıra diqqətçəkən yeniliklər gətirir. Bunlara iPhone-dan Android-ə keçmək istəyən istifadəçilər üçün tamamilə yeni köçürmə aləti, eləcə də üçüncü tərəf geyilə bilən cihazlara bildirişlərin ötürülməsi daxildir.
Android-ə Köçürmə (Transfer to Android) Apple-ın köçürmə alətləri dəstinə ən son əlavədir. Bu funksiya iki cihazı eyni simsiz şəbəkəyə qoşmaqla tətbiqlər, fotolar, kontaktlar, mesajlar və digər məlumatların köçürülməsinə imkan verir. Yenilik ondan ibarətdir ki, bu funksiya artıq birbaşa iOS-a inteqrasiya olunub və əlavə tətbiqlərin quraşdırılmasını tələb etmir.
Bildirişlərin yönləndirilməsi (Notification Forwarding) iOS 26.3-dəki digər böyük yenilikdir, lakin hazırda yalnız Avropa İttifaqında mövcuddur. Bu funksiya üçüncü tərəf ağıllı/giyilə bilən cihazların iPhone-dan bildirişləri qəbul etməsinə imkan yaradır. Funksiyanı aktivləşdirmək üçün Ayarlar > Bildirişlər > Bildirişlərin yönləndirilməsi bölməsinə daxil olmaq lazımdır.
Aktiv edildikdən sonra istifadəçilər hansı tətbiqlərin geyilə bilən cihazlara bildiriş göndərə biləcəyini seçə biləcəklər. Hazırda funksiya yalnız bir cihazla işləyir. Yəni telefonunuza Apple Watch qoşuludursa, bu bildirişləri qəbul etmək mümkün olmayacaq. Bu yenilik Avropa İttifaqının Rəqəmsal Bazarlar Aktı (Digital Markets Act) nəticəsində tətbiq edilib və Apple-ı iOS bildiriş sisteminə çıxışı açmağa məcbur edib.
iOS 26.3-dəki digər bir yenilik isə Hava (Weather) divar kağızıdır. Bu divar kağızı artıq Kilid Ekranı (Lock Screen) fərdiləşdirmə seçimləri daxilində ayrıca bölməyə sahibdir.
Apple-ın iOS 26.3-ü yanvar ayında rəsmi olaraq təqdim edəcəyi gözlənilir.