- 391
Ağ Evdən mağazaya: Trump indi də mobil ticarətdədir!
Tramp ailəsi ABŞ-da yeni mobil operator və 499 dollarlıq smartfon təqdim etdi
Donald Trampın ailəsi ABŞ-da Trump Mobile adlı yeni mobil şəbəkə və $499-lıq smartfon təqdim etdi. Yeni layihə Trampın adından lisenziya əsasında istifadə etməklə həyata keçirilir. Açıqlama Manhettendəki Trump Tower-də edilib.
Yeni şəbəkə, ABŞ-ın üç əsas mobil operatorunun infrastrukturundan istifadə edəcək. Smartfonun və xidmətlərin texniki tərəfdaşları və maliyyə detalları hələ açıqlanmayıb.
Donald Trampın oğlu Donald Tramp Jr. bildirib ki, istifadəçilər aylıq sabit ödənişlə təkcə mobil xidmət deyil, telemedisinaya çıxış, avtomobil üçün yol yardımı və 100 ölkəyə limitsiz SMS göndərmək imkanı əldə edəcəklər.
Xidmətin qiyməti ayda $47.45 olacaq. Bu da Trampın ABŞ-ın 45-ci və hazırda 47-ci prezidenti olmasına bir istinaddır.
Yeni model parlaq, qızılı rəngdə smartfondur və ABŞ-da istehsal ediləcəyi bildirilib. Lakin hansı şirkətin bu cihazı istehsal edəcəyi hələ də açıqlanmayıb. Ekspertlər qeyd edir ki, 499 dollar dəyərində ABŞ istehsalı bir smartfon hazırda real görünmür.
Eric Tramp bildirib ki, ilk cihazların Avqustda təqdim olunması gözlənilir və bu cihazlar xaricdə istehsal oluna bilər. O ümid edir ki, gələcəkdə bütün smartfonlar ABŞ-da istehsal olunacaq.
Tramp ailəsi əvvəllər uğursuz lisenziya layihələri ilə də gündəmə gəlmişdi – Trump Vodka, Trump Steaks, Trump University və s.
Trump Mobile rəsmən MVNO bazarına daxil olur
Yeni xidmət MVNO modeli üzrə fəaliyyət göstərəcək və T1 Mobile brendi altında təqdim olunacaq. Saytın məlumatına görə, Trump Organization cihazın dizaynı və istehsalı ilə məşğul olmur, yalnız ad lisenziyasını təqdim edir.
Yeni operatorun arxasında kimlərin durduğu məlum deyil, lakin şirkət Florida ştatında qeydiyyatdan keçib. ABŞ-da mobil bazarın 95%-ni Verizon, AT&T və T-Mobile idarə etsə də, niche bazarlara yönələn MVNO-lar populyarlıq qazanmaqdadır.
Analitiklər bildirir ki, MVNO-ların bazar payı çox aşağıdır və yalnız bir milyon abunəçidən çox istifadəçi qazanan layihələr maliyyə baxımından əhəmiyyətli ola bilər.
ABŞ-da smartfon istehsalı: Reallıqdan uzaq vədlər
ABŞ-da smartfon istehsalı çox məhduddur. Yalnız Purism adlı şirkət tam daxili istehsal olunan telefonlar təqdim edir, lakin qiymətləri $1,999-dan başlayır.
Purism CEO-su Todd Weaver bildirib ki, Tramp telefonunun $499-a ABŞ-da istehsal olunması real görünmür və bu layihə sadəcə virtual reklam vədidir.